
Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev:
-“Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Xocalı faciəsi - Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır - vəhşiliyin görünməmiş təzahürüdür".
“Soyqırımı” anlayışının hüquqi mənası BMT Baş Assambleyasının 9 dekabr 1948-ci il tarixli 260 A (III) saylı qətnaməsi ilə qəbul etdiyi “Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında” Konvensiya ilə müəyyən edilmişdir və hər hansı milli, etnik, irqi və ya dini qrupların tam və ya qismən məhv edilməsi niyyəti ilə növbəti hərəkətləri bildirir: belə bir qrupun üzvlərinin qətlə yetirilməsi; belə bir qrupun üzvlərinə ciddi bədən xəsarətləri və əqli pozğunluq yetirilməsi; hər hansı belə bir qrup üçün qəsdən onun tam və ya qismən məhvinə hesablanmış həyat şəraitinin yaradılması; belə bir qrup arasında uşaq doğumunun qarşısının alınmasına hesablanmış tədbirlər; uşaqların zorakılıqla bir insan qrupundan digərinə verilməsi.
Azərbaycanda aparılan rəsmi istintaq nəticəsində beynəlxalq hüquqa əsasən Xocalıda mülki əhaliyə qarşı aparılmış hücumlara münasibətdə soyqırımı cinayətinin aşağıdakı elementlərinin mövcudluğu müəyyən edilmişdir:
• öldürmə və bədənə fiziki və mənəvi xəsarətə səbəb olmaqdan ibarət actus reus (əməlin obyektiv tərəfi);
• cinayət əməlinin sahiblərinin hədəfinə tuş gələn xüsusi mühafizə olunan qrupun mövcudluğu;
• irqi, etnik, milli və ya dini əsaslarla fərqlənən qrupun tam və ya qismən məhv edilməsi üçün xüsusi soyqırımı niyyəti.