• 22:37 – Qalmaqallı uşaq bağçasında şok iddialar və məsələnin əsli ortaya çıxdı 
  • 21:17 – Emin Hüseynov: Milli iradədən qlobal nüfuza uzanan yol - İlham Əliyevin liderlik məktəbi 
  • 22:08 – Media Aləmində Dəyər və Nüfuzun Ünvanı - Ruslan Həsənova ad gününə səmimi təbriklər 
  • 14:11 – Tofiq Hüseynov - Dövlətə Xidmət, İnsanlara Qayğı 

Müasir dünyada enerji təhlükəsizliyi hər bir dövlətin milli təhlükəsizliyinin, suverenliyinin və iqtisadi müstəqilliyinin təməl sütununu təşkil edir

  • 03.06.2026, 18:14,
  • ---
  • Baxılıb: 1

Müasir dünyada enerji təhlükəsizliyi hər bir dövlətin milli təhlükəsizliyinin, suverenliyinin və iqtisadi müstəqilliyinin təməl sütununu təşkil edir

Müasir dünyada enerji təhlükəsizliyi hər bir dövlətin milli təhlükəsizliyinin, suverenliyinin və iqtisadi müstəqilliyinin təməl sütununu təşkil edir. Qlobal geopolitik dəyişikliklər və resurslar uğrunda mübarizənin kəskinləşdiyi bir dövrdə dayanıqlı enerji siyasəti yürütmək yalnız daxili tələbatı ödəmək deyil, həm də beynəlxalq arenada strateji güc amilinə çevrilmək deməkdir. Bu baxımdan, Azərbaycanın reallaşdırdığı qlobal enerji diplomatiyası həm regional, həm də qitə miqyasında təhlükəsizlik arxitekturasını yenidən formalaşdırır. Ölkəmizin qlobal enerji təhlükəsizliyindəki yeri və rolu hər il Bakıda keçirilən və mühüm qərarların qəbul edildiyi beynəlxalq platformalarda özünü daha aydın büruzə verir. Bakı Ekspo Mərkəzində təşkil olunan mötəbər Bakı Enerji Həftəsi çərçivəsindəki 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi və 31-ci Bakı Enerji Forumu bu reallığı növbəti dəfə bütün dünyaya nümayiş etdirmişdir. Tədbirin rəsmi açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin proqram xarakterli çıxışı dövlətimizin enerji realizmi fəlsəfəsini, qlobal çağırışlara çevik reaksiyasını və gələcək inkişaf prioritetlərini bəyan edən strateji yol xəritəsi kimi dəyərləndirilməlidir.
Dövlətimizin başçısı öz fundamental çıxışında xüsusilə vurğulamışdır ki, vaxtilə ulu öndər Heydər Əliyevin uzaqgörənliyi ilə əsası qoyulmuş Xəzər Neft və Qaz Sərgisi müasir müstəqil Azərbaycanın enerji inkişafının möhkəm bünövrəsini yaratmışdır. Zaman keçdikcə bu platformanın miqyası genişlənmiş, coğrafiyası böyümüş və bu gün qlobal enerji dialoqunun ən nüfuzlu mərkəzlərindən birinə – Bakı Enerji Həftəsinə çevrilmişdir. Azərbaycanın enerji siyasətinin ən mühüm uğurlarından biri də ondan ibarətdir ki, resurslarımız sadəcə iqtisadi mənfəət mənbəyi deyil, dövlət suverenliyinin təminatçısı, güclü ordu quruculuğunun və iqtisadi şaxələndirmənin əsas hərəkətverici qüvvəsi olmuşdur. Cənab Prezidentin qeyd etdiyi kimi, natural resurslardan düzgün və praqmatik şəkildə istifadə edilməsi Azərbaycana həm sosial-iqtisadi tərəqqiyə nail olmaq, həm də tarixi torpaqlarını işğaldan azad edərək ərazi bütövlüyünü bərpa etmək imkanı vermişdir. Bu, beynəlxalq münasibətlər sistemində resursların lənət deyil, düzgün idarəetmə ilə dövlətin qüdrətlənməsinə xidmət edən bir nemət olduğunun ən bariz nümunəsidir.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı strateji rol cənab İlham Əliyevin çıxışında faktlarla öz əksini tapmışdır. Xüsusilə 2020-ci ildə Cənub Qaz Dəhlizinin tam icra edilərək istifadəyə verilməsindən sonra Azərbaycanın qlobal enerji təchizatındakı çəkisi əhəmiyyətli dərəcədə artmışdır. Bu gün boru kəmərləri vasitəsilə qaz tədarük etdiyimiz ölkələrin sayına görə Azərbaycan dünyada ön sıralarda qərarlaşır və Cənub Qaz Dəhlizi, eləcə də onun genişləndirilmiş marşrutları vasitəsilə ümumilikdə 16 ölkəyə mavi yanacaq çatdırılır. Coğrafi baxımdan dənizə birbaşa çıxışı olmayan, dünya okeanlarından uzaq bir ölkənin belə nəhəng infrastrukturu qurması misilsiz diplomatik və iqtisadi uğurdur. Azərbaycan bu nəticəyə nail olmaq üçün təkcə birbaşa qonşuları ilə deyil, həm də qonşularının qonşuları ilə qarşılıqlı etimada və ortaq maraqlara əsaslanan sıx tərəfdaşlıq münasibətləri qurmağı bacarmışdır. Geniş mənada regional əməkdaşlığın bu çoxşaxəli və əhatəli formatının formalaşmasında aparıcı qüvvə, əsas sərmayədar və təşəbbüskar məhz Azərbaycan dövləti olmuşdur. Təsadüfi deyil ki, Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri milyardlarla dollarla ölçülən, o cümlədən Azəri-Çıraq-Günəşli yataqlar blokundan ilk sərbəst təbii qaz hasilatına başlanması kimi yeni sazişlərin imzalanması ölkəmizin beynəlxalq bazarlardakı etibarlı tərəfdaş statusunu daha da möhkəmləndirir.
Cənab Prezident İlham Əliyev öz çıxışında qlobal müstəvidə yayılan radikal və reallıqdan uzaq bəzi iqlim ritorikalarına qarşı "enerji realizmi" konsepsiyasını irəli sürərək bildirmişdir ki, müasir dünya qazıntı yanacağı olmadan yaşaya bilməz. Əlbəttə, Azərbaycan da daxil olmaqla hamımız planeti xilas etmək, ekoloji balansı qorumaq, daha təmiz ətraf mühitdə yaşamaq və daha yaxşı bir iqlimə sahib olmaq istəyirik. Lakin yaşıl enerjiyə keçid qəfil qərarlarla deyil, təkamül yolu ilə, təhlükəsizlik riskləri yaradılmadan həyata keçirilməlidir. Bu balansın qorunması məqsədilə ölkəmiz ənənəvi enerji resurslarının hasilatını artırmaqla yanaşı, bərpaolunan və təmiz enerji sahəsində də keyfiyyətcə tamamilə yeni bir mərhələyə qədəm qoymuşdur. Hazırda səmərəli resurs idarəçiliyi ilə yanaşı, yaşıl enerjiyə keçidin sürətləndirilməsi və müasir texnologiyaların tətbiqi dövlətin əsas prioritetləridir. İşğaldan azad edilmiş geniş ərazilərimizdə uğurla tətbiq olunan və böyük quruculuq işlərinin tərkib hissəsi olan "yaşıl enerji zonası" modeli ölkəmizin gələcək strateji hədəflərinin əyani sübutudur. Bu uğurlu təcrübənin coğrafiyası genişləndirilərək Naxçıvan Muxtar Respublikası da yaşıl enerji zonası elan edilmişdir. Beləliklə, Azərbaycan qlobal arenada həm ənənəvi enerjinin sabit təchizatçısı, həm də bərpaolunan enerjinin fəal təşəbbüskarı kimi çıxış edərək beynəlxalq enerji balansının qorunmasına misilsiz töhfələr verir. Dövlət başçımızın bəyan etdiyi kimi, Azərbaycanın düzgün müəyyənləşdirilmiş enerji siyasəti artıq milli hüdudları aşaraq, ölkəmizin xaricdə investisiya yatıran bir güc mərkəzinə çevrilməsini təmin etmişdir. Otuz il əvvəl xarici sərmayələri ölkəyə cəlb edən Azərbaycan, bu gün dövlət neft şirkəti SOCAR vasitəsilə Yaxın Şərqdə, Afrikada və Mərkəzi Asiyada irimiqyaslı investisiyalar yatırır və bu strateji coğrafiya durmadan genişlənir. Bütün bunlar onu göstərir ki, Azərbaycanın qlobal enerji təhlükəsizliyinə verdiyi töhfələr gələcəkdə də artan xətlə davam edəcək və ölkəmiz dayanıqlı bəşəri gələcəyin qurulmasında öz aparıcı rolunu qoruyub saxlayacaqdır.
Zabrat qəsəbəsi, 192 nömrəli tam orta ümumtəhsil məktəbinin
tarix müəllimi Elxan İsmayılov
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
VALYUTA
 Valyuta məzənnəsi
HAVA HAQQINDA
BAKU WEATHER