
İyunun 1-də Bakı Ekspo Mərkəzində “Bakı Enerji Həftəsi” çərçivəsində keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimi keçirilib. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak və çıxış edib.
Azərbaycan Prezidenti çıxışında bildirib ki, getdikcə daha çox ölkələrin enerji təhlükəsizliyinə töhfə verən Azərbaycanın müasir qaz hasilatında yeni səhifə açan bu tədbirin əhəmiyyəti, həmçinin ABŞ Prezidenti Donald Trampın nəzakətli məktubunda əks olunub.
Enerji məsələsini yenidən normal məcraya qaytardığına görə Prezident Trampa bir daha təşəkkür edən dövlət başçımız bildirib ki, uzun illər neft və qaz hasilatı ilə məşğul olan ölkələr və şirkətlərə damğa vurulurdu, bəzən qarayaxma obyektinə çevrilirdilər, planetin dağıdılmasında ittiham olunurdular. Hər hansı əsas olmadan, ictimai rəylə küncə sıxışdırılırdılar.
“Prezident Tramp bu trendi dəyişdi və bu, həqiqətən əla hadisə oldu, çünki hamımız bilirik ki, hətta bəzi iri neft şirkətləri dırnaqarası müasir trendə uyğun olmaq xatirinə öz adlarını dəyişirdilər. Lakin reallıq tamamilə fərqlidir. Dünya faydalı qazıntı olmadan yaşaya bilməz. Hamımız daha yaxşı iqlimi, planetin qorunmasını istəyirik. Lakin bu gün biz praqmatik olmalıyıq, enerji təhlükəsizliyi və həmçinin bərpaolunan enerjiyə sərmayə yatırmaqla yanaşı, öz gələcəyimizi planlaşdırmalıyıq. Düşünürəm, irəliyə doğru aparan yol belədir!” – Prezident İlham Əliyev deyib.
Bu gün Azərbaycanın iqtisadi fəaliyyəti çox müsbətdir. Aparıcı beynəlxalq reytinq agentliklərindəki reytinqimiz ildən-ilə artır. Hazırkı vəziyyətə görə bizim artıq investisiya dərəcəli reytinqimiz var.
Biz ehtiyatlarımızı Dövlət Neft Fondu və Mərkəzi Bankda topladıq. Beləliklə, ehtiyatlarımız xarici borcu 18 dəfədən çox üstələyir. Bütün bunlar birinci növbədə bizim təbii sərvətlərimizdən düzgün istifadə etdiyimizə görə baş verdi.
Enerji təhlükəsizliyi amilindən danışarkən ölkə Prezidenti qeyd edib ki, Yaxın Şərqdəki böhran bir çox ölkələrin, istehsalçı və istehlakçıların enerji təhlükəsizliyinə ciddi zərbə vurur: “Biz böyük sərmayələr yatırmışıq və Xəzər dənizini Aralıq dənizi ilə ilk dəfə birləşdirən Bakı-Tbilisi-Ceyhan, Xəzər dənizini Qara dənizlə birləşdirən Bakı-Supsa neft kəmərləri kimi irimiqyaslı infrastruktur layihələrinə başlamışıq. Cənubi Qafqaz qaz kəməri ilə günümüzün ən iddialı enerji infrastruktur layihələrindən biri olan Cənub Qaz Dəhlizini təşkil edən TANAP və TAP, Trans-Anadolu və Trans-Adriatik qaz kəmərləri 3500 kilometr uzunluğunda birləşmiş boru xətti sistemindən ibarətdir. Layihənin bir hissəsi yüksək dağlıq ərazidən keçir, bir hissəsi isə dənizin dibi ilə gedir. Bu gün bu layihə sayı artmaqda olan ölkələrin enerji təhlükəsizliyini təmin edir. Biz bu layihəyə başladıq və bizimlə birlikdə olan tərəfdaş ölkələrə və şirkətlərə minnətdarıq.
Bu gün Avropa enerji bazarının Cənub Qaz Dəhlizi olmadan necə olacağını təsəvvür etmək çətindir. Qeyd etdiyim kimi, biz sayı artmaqda olan ölkələri qazla təchiz edirik. Boru xətti ilə qazın müxtəlif ölkələrə nəql edilməsi, ərazi və coğrafiya kimi parametrlərə baxsanız görərsiniz ki, biz dünyada birinciyik. Biz qaz təchizatımızı artıracağıq”.
Prezident İlham Əliyev bəyan edib ki, biz emal sənayesində yüksək dərəcədə şaxələndirilmiş imkanlar yaratmışıq. Bu gün SOCAR-ın neft emalı gücü 30 milyon tondan artıqdır. Bu yaxınlarda “Italiana Petroli”nin satın alınması nəticəsində Aralıq dənizi hövzəsindəki emal gücümüz 13 milyon tondan 23 milyon tona yüksəlmişdir. Beləliklə, biz yalnız neft və qaz deyil, həm də neft məhsullarını təchiz edirik.
Lakin məsuliyyətimiz bizdən bərpaolunan enerji mənbələrinə sərmayə yatırmağı tələb edir. Biz bunu edirik. Tərəfdaşlarımızla birlikdə investorlar üçün olduqca əlverişli şərait yaratmışıq.
Artıq bir sıra layihələrimiz istismar mərhələsindədir. Gələn ilin sonunadək Günəş və külək enerjisi üzrə ümumi gücümüz 2 giqavata çatacaq. 2032-ci ilin sonunadək isə bu göstərici 8 giqavat təşkil edəcək. Fəal şəkildə inkişaf etdirdiyimiz hidroenerji potensialını da nəzərə alsaq, xüsusilə Qarabağda və Şərqi Zəngəzurda artıq 300 meqavatdan çox güc istifadəyə verilmişdir. Bu da ölkəmiz üçün əlavə enerji potensialı yaradır. Həmin potensial neft və qaz ixracımızı tamamlayan bir mənbəyə çevriləcəkdir.
“Texniki-iqtisadi əsaslandırma mərhələsinin artıq yekunlaşmaq üzrə olduğu “Qara dəniz Enerji Kabeli” layihəsi Azərbaycanı Gürcüstan, Qara dəniz vasitəsilə Rumıniya, Macarıstan və digər ölkələrlə birləşdirəcək. Azərbaycan–Gürcüstan–Türkiyə–Bolqarıstan marşrutu üzrə quruda çəkiləcək elektrik kabeli layihəsi də hazırda icra mərhələsindədir. Bu yaxınlarda həmin ölkələrin hökumət nümayəndələrinin çox səmərəli görüşü keçirilmişdir.
Biz, həmçinin Mərkəzi Asiyadakı tərəfdaşlarımızla birlikdə Xəzərin şərq sahillərindən Azərbaycana qədər uzanacaq yaşıl enerji kabeli layihəsi üzərində işləyirik.
Beləliklə, söhbət geniş coğrafiyanı əhatə edən böyük əməkdaşlıq məkanından gedir və bu bağlılıq yalnız nəqliyyat sahəsi ilə məhdudlaşmır. Halbuki, nəqliyyat sahəsində əldə etdiyimiz nailiyyətlərlə də haqlı olaraq fəxr edə bilərik. Dəmir yolu və avtomobil yolu infrastrukturuna qoyduğumuz sərmayələr sayəsində yeni nəqliyyat dəhlizləri açmışıq və qitələri bir-biri ilə əlaqələndirmişik” – Azərbaycan Prezidenti bildirib.
Şərq-Qərb dəhlizinin uğurla fəaliyyət göstərdiyini qeyd edən ölkə rəhbəri bu dəhlizin yeni qolu olacaq Zəngəzur dəhlizinin də inşa ediləcəyini bildirib: “Bu, ötən il avqustun 8-də Ağ Evdə Amerika Birləşmiş Ştatlarının Prezidenti, Ermənistanın Baş naziri və mənim tərəfimdən imzalanmış sənədə əsaslanır. Bütün bunlar hamımız üçün böyük sərvətdir”.
Azərbaycan Prezidenti bütün bu nəticələrin yüksək diplomatik fəaliyyət nəticəsində əldə edildiyini vurğulayıb.
Azərbaycan enerji kimi qlobal və strateji bir məsələdə dünya ölkələri üçün etibarlı və dayanıqlı tərəfdaşa çevrilib. Bu, ölkə rəhbərliyinin doğru və milli maraqlara xidmət edən idarəçiliyinin nəticəsində əldə olunub.
Kürdəxanı qəsəbəsi, 113 nömrəli tam orta ümumtəhsil məktəbinin
direktoru Rüstəmova Gültəkin